Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

"IT Summer Day" tədbiri

İyulun 5 və 6-da “Lənkaran Spring Hotel”də “ULTRA Technologies” və “BAKOTECH” şirkətlərinin təşkilatçılığı ilə “IT Summer Day” tədbiri keçirilib. İştirakçıları “F5 Networks”, “Cloudflare” və NETSCOUT şirkətlərinin kibertəhlükəsizlik sahəsində ən müasir həlləri və məhsulları ilə tanış edən konfransın qonaqlarını “ULTRA Technologies” şirkətinin nümayəndəsi Ceyhun Mirkişili və BAKOTECH-in ərazi üzrə meneceri Şahmir Övsətov salamlayıblar.

BAKOTECH-in satış mühəndisi Almir İzmailov tərəfindən keçirilən ilk təqdimat multibulud və hibrid mühitlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə, həmçinin API təhlükəsizliyinə yönəlmiş “F5 Networks” həllərinə həsr olunub. Bu şirkətin həlləri optimal performansı və kibertəhlükələrdən qorunmanı təmin etmək üçün yük balansı, trafikin idarə edilməsi və təhlükəsizlik ilə bağlı məsələlərdə Azərbaycan şirkətlərinə kömək etmək üçün nəzərdə tutulub.

Azərbaycanda müştərilərin təhlükəsizliyinin təmin edilməsi mövzusunu davam etdirən BAKOTECH-in satış üzrə mühəndisi Mais Ağayev şirkətlərin hazırda bu sahədə üzləşdiyi problemlərdən və dünyaca məşhur “Cloudflare” şirkətinin həllərinin mövcud trendlərə cavab verməyə necə kömək etdiyindən bəhs edib. Konfrans iştirakçılarına “Web Application Firewall” ekranı, “DDoS” hücumlarından qorunma və “Cloudflare” şirkətinin digər alətləri, o cümlədən “Cloud Email Security” (“Area 1” funksiyası) ilə bağlı ətraflı məlumat verilib. Bu, müştərilərin e-poçtlarını təhlükəli qoşmalardan və viruslardan qorumaqla yanaşı, həm də bir çox fişinq hücumlarından ən yüksək səviyyəli qorunmanı təmin edir.

Almir İzmailovun yekun təqdimatı tətbiqlərin və şəbəkələrin qorunmasını və yüksək performansını təmin etmək üçün kompleks alətlər təklif edən NETSCOUT həllərinə həsr olunub.

Tədbirin rəsmi hissəsi “ULTRA Technologies” və BAKOTECH şirkətlərinin nümayəndələri ilə ünsiyyətin qeyri-rəsmi şəraitdə davam etdiyi qala-şam yeməyi ilə başa çatıb. Bundan sonra isə müştərilər üçün boulinq oyunu və futbol üzrə Avropa çempionatının oyunlarını izləməklə müşayiət olunan əyləncə proqramı təşkil olunub.